bazar 5 iyul 2026 - 15:13
Xalqın Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində böyük iştirakı düşmənə veriləcək ən qəti cavab olacaq + Video

O, İran xalqının bütün təbəqələrini, o cümlədən universitet müəllim və tələbələrini, gəncləri, din xadimlərini və ziyalıları şəhid Ayətullah Seyid Əli Xameneinin dəfn və vida mərasimində düşmənə qəti mesaj verən və milli birliyi nümayiş etdirən geniş iştiraka dəvət edib.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, ölkə üzrə Elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi şəhid Ayətullah Seyid Əli Xameneinin və digər şəhidlərin anım günləri münasibətilə yayımladığı videomüraciətdə İran xalqının göstərdiyi misilsiz fədakarlığı yüksək qiymətləndirərək bildirib ki, son müharibədə baş verən hadisələr İran xalqı və müqavimət cəbhəsinin yazdığı böyük tarixi dönüş nöqtəsi və insanların yaddaşında qalacaq möhtəşəm bir qəhrəmanlıq tarixidir.

O bildirib ki, silahlı qüvvələrin, müqavimət cəbhəsinin və döyüş meydanında mübarizə aparan qüvvələrin xidmətləri son dərəcə mühüm olsa da bu möhtəşəm tarixi zəfərin əsas hərəkətverici qüvvəsi, onun döyünən qəlbi və aparıcı gücü İranın böyük, vüqarlı və fədakar xalqı olub.

Ayətullah Ərafi xalqı başladığı cihadı tamamlamağa çağıraraq vurğulayıb: Sizin bu əzəmətli iştirakınız, böyük cihadınız, təşkil etdiyiniz xalq yürüşləri və küçələrdə nümayiş etdirdiyiniz birlik bu gün yeni bir tamamlayıcı mühüm mərhələ ilə bütövləşməlidir. Bu tamamlayıcı mühüm mərhələ şəhid Ayətullah Seyid Əli Xameneinin dəfn və vida mərasimində geniş iştirak etmək, vilayəti-fəqihə və İslam İnqilabının Ali Məqamlı Rəhbərinə sədaqəti bir daha bəyan etmək, milli həmrəyliyi nümayiş etdirmək və xalqın yaratdığı bu böyük hərəkatı kamilləşdirməkdir.

O qeyd edib ki, şəhid Ayətullah Seyid Əli Xameneinin vida və dəfn mərasimində, eləcə də bundan sonrakı anım mərasimlərində son aylarda yaranmış bu böyük xalq hərəkatı daha möhtəşəm, düşmənləri məyus edən, milli birliyi möhkəmləndirən və dünyaya İran xalqının həmrəyliyini nümayiş etdirən iştirakla tamamlanmalıdır. Onun sözlərinə görə, bu, din xadimlərinin, universitet müəllim və tələbələrinin, gənclərin, eləcə də İran xalqının bütün təbəqələrinin üzərinə düşən mühüm bir məsuliyyətdir.

Ölkə üzrə Elmi hövzələrin rektoru sonda ümidvar olduğunu bildirib ki, İran xalqının yüksək ruhiyyəsi, coşqusu və böyük iştirakı sayəsində yeni bir tarixi qəhrəmanlıq salnaməsi yazılacaq, müqavimət ruhu daha da güclənəcək və bu müqavimət zənciri İranla yanaşı Livan, İraq, Yəmən və digər İslam ölkələrində də yeni qüvvə və dinamika qazanacaq.

Video | Ayətullah Ərafinin şəhid Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimi ilə bağlı müraciəti

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha